Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanının və Milli Ordumuzun qəhrəmanlığı ilə 30 ilə yaxın işğal altında qalmış Vətənimizin ayrılmaz və əbədi parçası Qarabağ torpaqları azad edilərək, tarixi ədalət bərpa olundu və xalqımızın böyük qürur və zəfər salnaməsi yazıldı. 2020-ci ildə əldə olunan Qarabağ Zəfəri, yalnız ərazi bütövlüyünün bərpası ilə yekunlaşmayıb, eyni zamanda Azərbaycanın regional və qlobal miqyasda siyasi, hərbi və iqtisadi nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu Zəfər, ölkəmizin milli birliyini daha da gücləndirməklə yanaşı, bölgədə yeni reallıqlar yaradaraq sülhə və əməkdaşlığa əsaslanan inkişaf modelinin əsasını qoyub. Azərbaycannın güclü ordu potensialı, diplomatik iradəsi və xalq-iqtidar birliyi bu tarixi qələbənin başlıca amilləri sırasında yer alır.

Tarixi və mənəvi qələbənin rəmzi: Şuşa
8 noyabr 2020-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsi, zəfərin simvoluna çevrildi. Prezident İlham Əliyev noyabrın 8-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra, elə Şəhidlər xiyabanından Şuşanın azad olunduğu xəbərini bütün dünyaya bəyan etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şəhidlər xiyabanından “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyərək Azərbaycan xalqına tarixi xitabı həyatımızın ən möhtəşəm Zəfər müjdəsi oldu. Dövlət başçısı bu günü Zəfər Günü elan etdi. Şuşa artıq yenidən mədəniyyətin, poeziyanın, musiqinin beşiyi kimi öz həyatına qovuşub. Azad edildikdən sonra Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri aparılıb. Tarixi binalar, məscidlər, məktəblər, muzeylər və qalereyalar bərpa olunub. Şəhər artıq beynəlxalq və yerli mədəniyyət tədbirlərinin, festivalların məkanına çevrilib. Bunlar arasında:
- “Xarıbülbül” Musiqi Festivalı
- “Vaqif Poeziya Günləri”
- Şuşa Bəyannaməsi ilə bağlı beynəlxalq tədbirlər
-Şuşa İncəsənət Günləri və sərgilər
- Şuşa Qlobal Media Forumları
xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər həm mədəniyyətin dirçəlişini, həm də Azərbaycanın dünyaya təqdim etdiyi zəngin irisi nümayiş etdirir. Şuşa artıq təkcə bir şəhər deyil, o, Qarabağ zəfərinin, milli qürurun və yenidən doğulan Azərbaycan mədəniyyətinin simvoludur.

Post-müharibə dövrü: Böyük Qayıdış və bərpa
Zəfərdən sonra Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə dərhal start verdi. Məqsəd yalnız infrastrukturun deyil, eyni zamanda həyatın bütün sahələri, iqtisadi, sosial, mədəni və mənəvi müstəvidə yenidən dirçəldilməsi, Böyük Qayıdışın davamlı və sistemli şəkildə həyata keçirilməsidir. Artıq bir sıra sahələr üzrə nəzərəçarpacaq nəticələr əldə olunub. Xüsusilə nəqliyyat və kommunikasiya sahəsində böyük layihələr həyata keçirilib: 3 beynəlxalq hava limanı-Füzuli, Zəngilan və Laçın hava limanları istifadəyə verilib. Bu hava limanları yalnız bölgənin nəqliyyat imkanlarını genişləndirmir, eyni zamanda onun iqtisadi və turizm potensialını da artırır. Qarabağın dünyanın istənilən nöqtəsindən əlçatan olması bu regionun inkişafında mühüm rol oynayır. Hazırda 2000 km-dən çox avtomobil yolu və 400 km-lik dəmir yolu şəbəkəsi tikilir və ya bərpa olunur. Bu yollar regionun əsas yaşayış məntəqələrini bir-birinə bağlayaraq, əhalinin təhlükəsiz və rahat şəkildə qayıdışını təmin edir. Eyni zamanda logistika və ticarət imkanları da artır.
Yaşı enerji zonası-Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji zonası” elan olunub. Burada günəş və külək enerjisindən istifadə ilə ekoloji cəhətdən təmiz və dayanıqlı enerji infrastrukturu qurulur. Bu həm də Azərbaycanın “yaşıl inkişaf” hədəfllərinə uyğun strateji yanaşmasının bir hissəsidir. Azad edilmiş ərazilərdə müasir və dayanıqlı kənd təsərrüfatı və yaşayış modellərinin tətbiqi üçün “ağıllı kənd” konsepsiyası həyata keçirilir. Ağalı kəndi (Zəngilan)-Bu kənd ağıllı kənd layihəsinin ilk uğurlu nümunəsidir. Kənndə ağıllı infrastruktur, “ağıllı evlər”, təmiz enerji, rəqəmsal xidmətlər və müasir kənd təsərrüfatı texnologiyaları tətbiq olunub. Artıq 3464 ailə 13745 nəfər keçmiş məcburi köçkün doğma yurduna qayıdaraq burada həyatına davam edir. Bu proses mərhələli şəkildə həyata keçirilir və yeni yaşayış məntəqlərinin tikintisi davam etdirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin mərhələli şəkildə öz doğma torpaqlarına qayıdışı planlaşdırılır. Bu proqramın məqsədi yalnız insanların fiziki olaraq torpaqlarına köçürülməsi deyil, eyni zamanda onların orada sosial rifahını, təhlükəsizliyini və iqtisadi fəaliyyət imkanlarını təmin etməkdir. Bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir.

Geosiyasi mövqe: Qələbənin beynəlxalq əks-sədası
Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi-siyasi zəfər regionun geosiyasi xəritəsində köklü dəyişikliklərə yol açaraq, Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Qələbə, Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı, onun söz sahibinə çevrildiyini və regional təşəbbüslərin mərkəzində dayandığını sübut etdi. Qarabağ Zəfəri Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini gücləndirdi, onun siyasi və diplomatik nüfuzunu daha da artırdı. Bu hadisə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinin beynəlxalq hüququn əsas dayaqlarından biri olduğunu bir daha nümayiş etdirdi. Zəfərdən sonra Azərbaycan regional və beynəlxalq əməkdaşlıq platformalarında daha fəal və təşəbbüskar mövqe sərgiləməyə başladı. Bundan əlavə, Türkiyə ilə hərbi-siyasi müttəfiqliyin güclənməsi, Türk Dövlətləri Təşkilatındakı mövqeyin möhkəmlənməsi və Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın dərinləşməsi Azərbaycanın beynəlxalq əlaqələr sistemində rolunu daha da artırdı. Qələbə Azərbaycanı yalnız regional təhlükəsizlik məsələlərində deyil, həm də beynəlxalq enerji təhlükəsizliyi və strateji kommunikasiyalar sahəsində əhəmiyyətli oyunçuya çevirdi.Nəticə etibarı ilə, 2020-ci il Qələbəsi Azərbaycanın beynəlxalq statusunu və təsir gücünü artırmaqla yanaşı, onu regionda və daha geniş geosiyasi məkanda söz sahibi olan bir dövlət kimi möhkəmləndirdi.

Türkiyə ilə hərbi və siyasi əməkdaşlıq daha da dərinləşdi
Müharibədən sonrakı dövrdə Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldir. 2021-ci ilin iyun ayında imzalanan Şuşa Bəyannaməsi bu əlaqələri hüquqi əsaslar üzərində daha da möhkəmləndirdi.Bəyannamə hər iki dövlətin bir-birinin təhlükəsizliyini birgə təmin eədəcəyini, müdafiə sənayesi, birgə hərbi təlimlər, sərhəd təhlükəsizliyi kimi sahələrdə daha sıx əməkdaşlıq ediləcəyi təsbit edilib. Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycam Ordusu arasında mütəmadi olaraq keçirilən birgə təlimlər və peşəkar hazırlıq proqramları bu əməkdaşlığın praktik tərəfini göstərir. Eyni zamanda iki ölkə arasında diplomatik, enerji, nəqliyyat və media sahəlrində də inteqrasiya sürətlənib.

Türk Dövlətləri Təşkilatı Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədi
Azərbaycanın zəfəri Türk dünyası arasında həmrəyliyin və milli-mənəvi birliyin güclənməsinə səbəb oldu. 2021-ci ildən etibarən Türk Dövlətləri təşkilatı (TDT) Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyən bəyanatlar verdi və Qarabağın dirçəliş prosesində iştirak etməyə hazır olduğunu bəyan etdi. Təşkilata üzv dövlətləri-Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digərləri, Azərbaycanın regiondakı yeni statusunu qəbul etməklə yanaşı, mədəni və iqtisadi əməkdaşlıq layihələri vasitəsilə bu mövqeyi möhkəmləndirməyə çalışır. TDT çərçivəsində təşkil olunan sammitlərdə Qarabağda aparılan bərpa və quruculuq işlərinə dair müzakirələr də bu dəstəyin göstəricisidir. Bütün bu proseslər, Türk dünyasının ortaq tarixi yaddaşı, dil və mədəni kökləri əsasında formalaşan strateji əməkdaşlığın daha da dərinləşməsinə yol açıb. Xüsusilə, Qarabağda təşkil olunan beynəlxalq tədbirlərdə TDT üzvü ölkələrin nümayəndələrinin iştirakı həm simvolik, həm də praktiki əhəmiyyət kəsb edir. Bu tədbirlər yalnız diplomatik münasibətlərin deyil, eyni zamanda humanitar, təhsil və investisiya sahələrində əlaqələrin genişlənməsinə də zəmin yaradır. Bununla yanaşı, TDT çərçivəsində həyata keçirilən ortaq media layihələri, təhsil və elm sahəsində ortaq institutların yaradılması təşəbbüsləri də milli-mənəvi birliyin dərinləşməsinə xidmət edir. Qarabağ bu baxımdan yalnız bir torpaq deyil, həm də Türk dünyasının ortaq ruhunun, qardaşlığının və gələcək əməkdaşlığının simvoluna çevrilməkdədir. Beləliklə, Azərbaycanın zəfəri yalnız onun milli maraqlarını təmin etməklə kifayətlənməyib, eyni zamanda Türk Dövlətləri arasında qarşılıqlı həmrəylik və inteqrasiya meyillərini daha da gücləndirib. Bu həmrəylik isə gələcəkdə Türk dünyasının daha güclü, sabit və nüfuzlu geosiyasi aktora çevrilməsinə zəmin yaradır.




























